Diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri başa çatıb
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 18 ölkədən 118 diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.
Ölkəmizin mədəniyyət paytaxtına aparan yol boyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində altıncı dəfə gerçəkləşən səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edib, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə isə bir dəfə (26 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.