Azərbaycana qarşı saxta iddialar səsləndirən britaniyalı deputatın mövqeyi etirazla qarşılanıb
Britaniyalı jurnalist və siyasi şərhçi Nil Uotson ölkə parlamentinin deputatı Tim Loutonun Azərbaycana qarşı əsassız iddialar irəli sürməsinə kəskin etirazını bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Liz Trassa ünvanladığı müraciətdə Nil Uotson nəzərə çatdırıb ki, Böyük Britaniya-Ermənistan Dostluq Qrupunun rəhbəri Tim Loutonun Azərbaycan silahlı qüvvələrinin Azərbaycanın Laçın rayonundakı erməni əhalisinə qarşı etnik təmizləmə aparmasına dair saxta iddialarla nazirə məktub yazdığı barədə etibarlı məlumata malikdir: “Əksər halda qəsdən dini don geyindirilən bu cür bəyanatlar tamamilə əsassızdır. Onların məqsədi hazırda həlledici mərhələyə qədəm qoyan və çox yaxın gələcəkdə sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq Ermənistan-Azərbaycan sülh prosesini qeyri-sabitləşdirməkdir”.
Məktub müəllifi Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, 1988-ci ildən başlayaraq bir milyona yaxın dinc azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığı, öz vətənində məcburi köçkünə çevrildiyi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul edilməsinə və beynəlxalq qınaqlara baxmayaraq, bu qeyri-qanuni erməni işğalının 29 il davam etdiyi kimi faktlara diqqəti cəlb edib. Qeyd edib ki, yalnız 2020-ci ilin payızında 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazilərini işğaldan azad edə bilib. Azərbaycan, Ermənistan və Rusiyanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsinə, Qarabağda minalardan təmizlənmə prosesinin və yenidənqurma işlərinin aparılmasına gətirib çıxarıb.
Müəllif erməni diasporunun və erməni cəmiyyətindəki müəyyən qruplaşmaların Rusiyanın dəstəyini yenidən qazanmaq ümidi ilə bu danışıqları uzatmağa çalışdıqlarını vurğulayıb: “Hesab edirəm ki, onlar məhz bu məqsədlə belə ittihamlar irəli sürürlər. Azərbaycan heç vaxt üçtərəfli atəşkəsə zidd siyasət aparmaz. Azərbaycan əvvəllər də öz ərazisində yaşayan bütün etnik və dini konfessiyaların, o cümlədən ermənilərin təhlükəsizliyini təmin edib. Azərbaycan dövləti əmin edir ki, etnik ermənilər Azərbaycan pasportu aldıqları halda indiki yerlərində yaşamağa davam edə bilərlər”.
Üçtərəfli bəyanata əsasən, Azərbaycanın Laçın dəhlizinə alternativ yeni yol çəkdiyinə, Laçın şəhərinin və dəhlizinin Azərbaycana geri qaytarılması ilə Qarabağın Ermənistan tərəfindən işğalının sona çatacağını xatırladan britaniyalı ekspert qeyd edib ki, ermənipərəst qüvvələrin səsləndirdikləri son əsassız ittihamlar məhz bu məqamla əlaqədardır.
Məktub müəllifi xarici işlər nazirini danışıqları uzatmağa çalışan Ermənistanın sülh müqaviləsinə maneçilik törədən rolunu və Tim Louton kimilərinin ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məktublarını beynəlxalq səviyyədə pisləməyə çağırıb.
Xatırladq ki, Nil Uotson 12-16 iyun 2022-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda beynəlxalq konfransa qatılıb. Xarici ekspertlər və jurnalistlərlə birlikdə işğaldan azad edilmiş Ağdama səfər edərək, işğal dönəmində ermənilərin törətdikləri dağıntıların və vandalizm aktlarının canlı şahidi olub.