.

Britaniyadakı icmamız “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir

12.08.2022

Böyük Britaniyada yaşayan soydaşlarımız Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrupun hücumu ilə bağlı İngiltərə parlamentinin üzvlərinə, Xarici İşlər Nazirliyinə və Avropa Parlamentinə müraciət edib.

“Britaniya Azərbaycan İcması”nın sədri Fəridə Pənahovanın adından xarici işlər naziri Liz Trassa, daxili işlər naziri Priti Patelə, İngiltərə parlamentinin üzvləri Qraham Stüarta, Dominik Raaba, Bob Bləkmənə, Lord Conatan Duqlas Evansa və Avropa Parlamentinə ünvanlanan müraciətdə ölkəmizin hər cür dini ekstremizmdən uzaq olan dünyəvi, multikultural və tolerant dövlət olduğu xususilə vurğulanıb. Bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu nəzərə çatdırılıb.

“Böyük Britaniyadakı Azərbaycan icması bir çox londonluların və dünyanın hər yerindən gələn turistlərin dostları və ailələri ilə əyləndikləri Kensinqtonun mərkəzində baş vermiş bu hücumdan dərin sarsıntı keçirib və qəzəblənib. Belə barbarlıq aktı bizim Britaniya cəmiyyətinə, onun dəyərlərinə, bütün vətəndaş dünyasına hücumdur və biz bunu qətiyyətlə pisləyirik. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməzdir və bu, diplomatik binanın toxunulmazlığı prinsiplərinin kobudcasına pozulmasıdır”, - deyə qeyd edilib.

Müraciətdə hadisənin Britaniya-Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə yaxınlaşdığı ərəfədə, ölkəmizin Aİ ilə neft və qaz sektorunda strateji əməkdaşlığın inkişafı fonunda baş verdiyinin təsadüfi olmadığına diqqət cəlb edilib. Qeyd edilib ki, bu olay həm Britaniyanın Azərbaycanla ikitərəfli münasibətlərinə qəsdən zərər vurmaq məqsədilə hazırlanıb, həm də Aİ ilə əməkdaşlıq çərçivəsində gedən mühüm prosesləri sıradan çıxarmağa hesablanıb.

Hadisələrin ilk saatlarında Britaniya polisinin radikalların səfirliyimizin binasını zəbt etmək kimi cinayət xarakterli addımlarını səssizcə müşahidə etməsinə və fəaliyyətsizlik göstərməsinə xüsusi etiraz bildirilib. Səfirlik əməkdaşlarının həyatının təhlükə qarşısında olduğu bir məqamda xüsusi təyinatlı polis qüvvələrinin hadisə yerinə gec gəlməsi  Böyük Britaniyanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının təhlükəli duruma ciddi yanaşmadığının sübutu kimi qiymətləndirilib və bu cür halın qətiyyən yolverilməz olduğu vurğulanıb.

Müraciətin sonunda Britaniyanın müvafiq orqanlarından Londondakı səfirliyimizə qarşı bu çirkin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün lazımi hüquqi addımlar atılması tələb edilib, həmçinin “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasına və ləğv edilməsinə, sözügedən təşkilat üzvlərinin ölkədən dərhal deportasiya edilməsinə çağırış yer alıb: “Böyük Britaniyada yaşayan hər bir fərd ümumi tolerantlıq və insan hüquqlarına hörmət kimi dəyərlərimizi bölüşməli və radikal ideologiyanı dəstəkləyən və təbliğ edən insanlar aramızda yaşamamalıdır. Şübhə yoxdur ki, bu radikal qruplar cəzasız qalsa, tezliklə evlərimizi, məktəblərimizi və digər rəsmi orqanları hədəfə alacaqlar”.

Xatırladaq ki, hadisədən dərhal sonra müvafiq məktub Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından da İngiltərənin daxili işlər naziri Priti Patelə göndərilib.