Şimali Karolinadakı diaspor təşkilatının rəhbəri Dövlət Komitəsinə təşəkkür edib
ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının rəhbəri Adika İqbal mədəniyyət paytaxtımız Şuşada təşkil edilən Diaspor Gənclərinin III Yay Düşərgəsinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Adika İqbalın adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib:
“Çox hörmətli sədr və dəyərli Diasporla İş üzrə Dövlət Komitəsi!
Diaspor Gənclərinin III Yay Düşərgəsini yüksək səviyyədə təşkil etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Bu düşərgə mənim üçün çox unudulmaz və yaddaqalan oldu. Şuşada tədbirin keçirilməsi olduqca əlamətdar idi. Bir sıra azərbaycanlılar kimi, mən də Şuşanı görmədən sevənlərdən idim və ən böyük arzularımdan biri Şuşanı görmək idim. Bu arzumu yerinə yetirdiyiniz üçün Sizə və Diasporla İş üzrə Dövlət Komitəsi ailəsinə xüsusi təşəkkürümü bildirirəm”.
Təşkilat rəhbəri qeyd edib ki, III Yay Düşərgəsinə təlimçi kimi qatılsa da, orada yeni məlumatlar öyrənib:
“Bu düşərgədə mən özüm də Azərbaycan tarixi, mədəniyyəti və digər fərqli mövzularda xeyli bilik qazandım. Yaşadığımız ölkələrdə azad olunmuş torpaqlarımızda öz gözlərimizlə şahidi olduğumuz erməni vəhşiliklərini dünyaya çatdırmağa və Qarabağın yenidənqurma-bərpa işlərinə öz töhfələrimizi verməyə davam edəcəyik.
Mənə təqdim olunan “Diaspor fəaliyyətində xidmətə görə” medalını isə özüm üçün yeni məsuliyyət olaraq qəbul edirəm və hər zaman bu medala layiq olmağa çalışacağam.
Tanrı Azərbaycanı qorusun! Qarabağ Azərbaycandır!”