Azərbaycan Özbəkistanda keçirilən “Xalqlar Dostluğu” festivalında uğurla təmsil olunub
Özbəkistanda keçirilən “Xalqlar Dostluğu” festivalında Azərbaycanı bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları təmsil edib.
30 iyul – 7 avqust tarixlərini əhatə edən festival çərçivəsində “Mərkəzi Asiya ölkələrində razılığın təmin edilməsi” mövzusunda beynəlxalq konfrans, qardaş xalqların yazıçı və şairlərinin əsərlərindən ibarət “Ədəbi dostluq – əbədi dostluq” sərgisi, “Dostluq melodiyaları” qala-konserti, “Dostluq dəbi” adlı müxtəlif millətlərin ənənəvi və müasir geyimlərinin nümayişi, nazirliklərin, idarələrin, milli mədəniyyət mərkəzlərinin nümayəndələrinin təltif və "Dostluq" videoçarxı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib. Paytaxt Daşkənddə və respublikanın bütün bölgələrində bayram paradları və konsert proqramları təşkil edilib.
Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin təşkilatçılığı ilə baş tutan təntənəli tədbirdə Azərbaycan diasporunun 6 nümayəndəsinə – Respublika Azərbaycan Milli-Mədəni Mərkəzinin (RAzMMM) idarə heyətinin üzvü Eldar Məmmədova və “Qardaşlıq” Azərbaycan Mədəni Mərkəzinin sədr müavini, Daşkəndin Mirabad rayonunun Temiryolçular məhəllə komitəsinin sədri Mehriban Rəhimovaya “Dostluq” ordeni, RAzMMM Ağsaqqallar Şurasının sədri Bəkir Vəliyevə, RAzMMM-nın Daşkənd vilayəti üzrə filialının sədri Qalib Müslümova, RAzMMM-nın Buxara vilayəti üzrə filialının sədr müavini Maral Məmmədovaya və “Qardaşlıq” adına Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü, Özbəkistan Dövlət Konservatoriyasının müəlimi Rəna Əzizovaya “Xalqlar Dostluğu” döş nişanı təqdim edilib.
Əlişir Nəvai adına kino sarayında “Dostluq” videomüsabiqəsinin qalibləri arasında
isə soydaşımız Sevinc Məmmədova da olub.
Festival çərçivəsində təşkil edilən Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən kitablar və suvenirlər nümayiş etdirilib, konsertlərdə RAzMMM nəzdində olan “Azərbaycan qızları” rəqs ansamblı, xanəndə Yusif Əliyev və və gənc muğam ifaçısı Mehdi Həsənov çıxış ediblər.
Xalqlar Dostluğu meydanında baş tutan konsertdə milli geyimli gənc soydaşımız Mehdi Həsənov Azərbaycanı vəsf edən mahnı səsləndirib. Mahnıda “Səmərqəndə azad olan Şuşadan salam” ifadəsi də öz əksini tapıb. Şənlikdə iştirak edən müxtəlif xalqların nümayəndələri gənc soydaşımızı meydanda tək qoymayıblar və onun ifası zamanı ətrafında halay çəkiblər.