.

Londonda Azərbaycan səfirliyinə hücum Türkiyə ictimaiyyətini hiddətləndirib

10.08.2022

Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən hiddətlə qarşılanıb.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib ki, din çətiri altında səfirliyə basqın etmək və Azərbaycan bayrağını endirmək nə İslama, nə də insanlığa sığır.

Nəzərə çatdırıb ki, səfirliyimizə hücum edənlərin İslam dini ilə heç bir əlaqəsi yoxdur və bunu onların üzərində İslam dininin rənginin də əks olunduğu Azərbaycan bayrağına münasibəti sübut edir: “Şəhidlərin qanı ilə sulanmış Azərbaycan bayrağında mavi rəng türklüyü, yaşıl rəng İslamı, qırmızı rəng sivilizasiyanı əks etdirir. Belə olan halda dini müdafiə etmək iddiasında olanlar İslamiyyəti də yerə atıblar. Qardaş Azərbaycanın Qarabağda zəfərini həzm edə bilməyənlər özünü dindar kimi təqdim edən şəxsləri satın alıb, bu hərəkəti həyata keçirdi”.

Xatırladılıb ki, belə radikal qruplar müsəlman qardaşlarının Qarabağda qanı axıdılanda susurdular. “Erməni silahlı dəstələri Qarabağa basqın edəndə, qadın, uşaq, qoca demədən təcavüzə uğradanda, hamilə qadınların qarnını yaranda, soyqırım törədəndə, məscidlərdə donuz saxlayanda “İmam Hüseyn sevdalıları” harada idi? Niyə onların səsi çıxmırdı? “Qarabağ bizim Kərbəlamızdır” dediyimizdə niyə susdular? Nədən “Qarabağ İslam torpağıdır, Türk torpağıdır” demirdiniz?”, - deyə Sərdar Ünsal sual edib.

Erməni diasporunun maşası olan təxribatçıların Azərbaycana qarşı yolverilməz hərəkətini kəskin şəkildə qınadıqlarını bildirən dərnək rəhbəri bədxahlarımıza xəbərdarlıq edib: “Biz türk milləti olaraq Azərbaycan bayrağına uzanan əlləri qırmağı bilirik”.

Qeyd edək ki, səfirliyimizə hücumla bağlı Londonda 8 nəfər saxlanılıb.