Şuşada diaspor gəncləri ilə görüşən elm xadimləri: “Yay düşərgələri Azərbaycanın gələcəyi üçün çox önəmlidir”
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusunda məruzə ilə çıxış edən elm xadimləri təəssüratlarını bölüşüblər.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı 50 ölkədən 115 gəncin qatıldığı düşərgəni Diasporla İş üzrə Dövlət Komitəsinin möhtəşəm layihəsi adlandırıb: “Bu qədər azərbaycanlı və dost xalqların nümayəndəsi olan gəncin ruhumuzun şəhəri olan Şuşada bir araya gəlməsi, burada Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, eləcə də Azərbaycanın daxili və xarici siyasəti barədə mühazirələri dinləməsi bir tərəfdən onların Azərbaycanı yaxından tanımasına imkan verir, digər tərəfdən isə dünya azərbaycanlılarının birliyi yolunda atılmış çox ciddi addımdır. Bu gənclərin yaşadıqları ölkələrdə müxtəlif millətlərdən olan dostları var. Bu tədbirdən sonra da bu gənclər bir-biri ilə əlaqə saxlayacaqlar və Azərbaycan diasporu keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu düşərgəyə seçilmiş gənclərin böyük əksəriyyəti universitet məzunları və universitet tələbələridir. Onların içərisində müxtəlif peşə sahələrinin adamları var. Onlara uğurlar arzu edirəm. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi və şəxsən Fuad Muradov çox uğurlu layihə həyata keçirir”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi isə bildirib ki, artıq ikinci dəfədir Komitə tərəfindən təşkil olunan yay düşərgələrində gənclərlə görüşür: “Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan azərbaycanlı gənclər üçün yay düşərgələrinin keçirilməsi unikal layihədir və Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Bu düşərgələri Azərbaycanı xaricdə təmsil edəcək gənclərin hazırlanma prosesi hesab etmək olar. Burada gənclərə Vətən anlayışı izah olunur. Bu düşərgələrin Azərbaycanın müxtəlif bölgələrində keçirilməsi də çox düzgün addımdır. Beləcə, gənclər Azərbaycanı daha yaxşı tanıyırlar. İkinci məsələ isə onların bu torpağa bağlılıqlarını möhkəmlətmək, onların qəlbində Vətən sevgisini, məsuliyyət hissini yaratmaqdır. İnsan vətənin hansı yollarla bu günə gəlib çatdığını biləndə həm məsuliyyət hissi yaranır, həm də özünü Vətənin bir parçası hesab edir. Mən Şamaxıda keçirilən Yay Düşərgəsində də gənclərlə görüşmüşəm. Deyə bilərəm ki, düşərgələrə ən fəal, ən vətənpərvər gənclər cəlb olunur. Panelin gedişatında gənclərin mikrofon alıb öz fikirlərini bizimlə bölüşməsi çox gözəl idi. Avropa ölkələrinin vətəndaşları olan gənclər həm burada Vətəninin tarixi barədə bilgilənirlər, həm də ölkəmizdən Avropaya lazımi məlumatları aparırlar. Siz bura alimləri dəvət edirsiniz. Onlar gənclərlə bilgilərini bölüşürlər. Burada pafos və emosiyadan yox, ciddi maraqdan söhbət gedir. İştirakçılar hamısı məndən kitab istədi. Bu onların tariximizə olan marağıdır. Bu marağı gənclərdə oyatmaq lazımdır. Bu tədbirin gözəl nəticəsini bir neçə ildən sonra mütləq görəcəyik”.
Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.
2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.