.

III Yay Düşərgəsinin sonuncu panelində diaspor gənclərinin şəbəkələşməsi prosesi müzakirə edlib

07.08.2022

Diaspor Gənclərinin Şuşada gerçəkləşdirilən III Yay Düşərgəsində “Şəbəkənin genişləndirilməsi və Azərbaycan Diaspor Gənclərinin (ADG) təqdimatı” mövzusunda panel iclası keçirilib.

Panel iclasında Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sektor müdiri Emin Rüstəmov və Avropa Şurasının Gənclər departamentinin Təlimçilər Şəbəkəsinin baş təlimçisi Pərvanə Məmmədova çıxış ediblər.

Diaspor sahəsində şəbəkələşmənin mühüm amil olduğunu vurğulayan çıxışçılar bildiriblər ki, düşərgə iştirakçılarının bu prosesdə fəal iştirakı, tarixi vətənlərini yaşadıqları ölkələrdə yüksək səviyyədə təmsil etmələri böyük əhəmiyyət kəsb edir. Şəbəkələşmə prosesinin müxtəlif istiqamətləri barədə tövsiyələr səsləndirilib.

Sonra panel iştirakçılarına Dövlət Komitəsinin diaspor gəncləri ilə bağlı həyata keçirdiyi müxtəlif layihələr, ADG şəbəkəsinin yaranması, indiyədək görülən işlər və gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ADG-nin fəaliyyətində yeni mərhələ başlayıb. Artıq bu şəbəkədə təmsil olunan gənclərimizə üzvlük vərəqələri paylanılıb və onlar öz imzaları ilə ADG üzvü olduqlarını təsdiqləyiblər.

Müzakirələrin gedişində düşərgə iştirakçıları gələcək fəaliyyət istiqamətləri – Azərbaycanın yeni reallıqlarının təbliğ olunmasına, Qarabağın dünyada tanıdılmasına dair çoxlu sayda təkliflər səsləndiriblər. Onlar qeyd ediblər ki, III Yay Düşərgəsində və Şuşada gördükləri barədə təəssüratlarını mütləq yaşadıqları cəmiyyətlərin nəzərinə çatdıracaq, diaspor gənclərinin şəbəkələşməsində fəal iştirak etməyə və bu mühüm prosesə əhəmiyyətli töhfələr verməyə çalışacaqlar.

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.