Estoniyada yaşayan diaspor nümayəndəsi Şuşa səfərinə görə Dövlət Komitəsinə təşəkkür edib
Estoniyada yaşayan fəal icma üzvü Təranə Mirzəağayeva diaspor nümayəndələrinin Şuşaya beşinci səfəri ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə və Norveçdəki Azərbaycan diasporuna minnətdarlığını bildirib.
Soydaşımız bildirib ki, səhhəti ilə əlaqədar uzun yola çıxa bilmir, amma Bakıda olarkən Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin müəllimi Arzu Rzayevanın diaspor nümayəndələrinin Şuşaya beşinci səfərində iştirak təklifinə tərəddüd keçirmədən razılıq verib. “Vətən müharibəsi başlayanda həyat yoldaşımla Qarabağ işğaldan azad ediləndən sonra mütləq ölkəmizin bu dilbər guşəsinə gedəcəyimizi niyyət etmişdik”, - deyə Təranə xanım söyləyib.
O, qeyd edib ki, həyəcanlı olduğu üçün Şuşaya 6 saatlıq yol ona 1 saat kimi görünüb və qəhrəman oğullarımızın qədim şəhərimizi azad etməsinə görə qürur hissi keçirib: “Ürəyim doludur. Şuşada olan ab-hava bütün həyəcanımı, ağrılarımı və yorğunluğumu geridə qoydu. Qədim şəhərimizdə alma, tut, göyəm yemək qismət oldu. Bu gündən yadigar qalması üçün Şuşadan daş gətirdim”.
Soydaşımız bildirib ki, Qarabağın işğalı dönəmində ermənilərin törətdikləri barbarlıq dəhşət doğurur: “Daşlara kimi aparıblar, daşıya bilmədiklərini dağıdıblar. 30 ildə yalnız mina basdırıblar. Azərbaycan isə bu qısa müddətdə çox rahat Zəfər yolu çəkib. İndi Qarabağda, o cümlədən füsunkar Şuşada yenidənqurma və tikinti işləri aparılır. Əminəm ki, hər şey qaydasına düşəcək. Sadəcə, səbir lazımdır”.