.

Bolnisidəki azərbaycanlı uşaqlar “Vətən uzaqda deyil” proqramında

28.07.2022

Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor TV” internet televiziyasının “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz” Hüquq və İnteqrasiya Mərkəzinin nəzdindəki kurslarda təhsil alan azərbaycanlı uşaqlara həsr olunub.

Bu mərkəz Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstandakı azərbaycanlılara hüquqi yardım göstərən, onların Gürcüstan vətəndaşları kimi bu ölkənin ictimai-siyasi və humanitar sahələrinə sıx inteqrasiyasına kömək məqsədilə dil kursları açan ilk qeyri-hökumət təşkilatıdır.

Mərkəzin direktoru Rezo Həsənov bildirib ki, təşkilat yüzlərlə azərbaycanlı yeniyetmənin və gəncin ümid yerinə çevrilib. Çünki mərkəz onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşdiyindən, orta məktəb şagirdləri ingilis və gürcü dili kurslarına asanlıqla gələ bilirlər. Azərbaycanlı gənclər üçün ödənişsiz kursların sonunda müdavimlərə sertifikatlar təqdim edilir.

“Vətən uzaqda deyil” proqramında sertifikatların təqdim olunması mərasimi də işıqlandırılıb, gənc müdavimlərin bu ocaqda təhsillərinə, dil bilgilərinə verilən önəm, təhsil imkanlarının artırılması və yeni dostlar qazanmaları barədə fikirlərinə yer verilib.

Qeyd edək ki, “Vətən uzaqda deyil” proqramının Bolnisidəki azərbaycanlı uşaqlara həsr olunmuş buraxılışı yaxın zamanda yayımlanacaq.