Dövlət Komitəsində Avropa Ravvinləri Konfransının nümayəndə heyəti ilə görüş olub
Diasporla İş üzrə Dövlət Komitəsində Avropa Ravvinləri Konfransının (AVK) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə AVK-nın icraçı direktoru və aparat rəhbəri Qadi Qroniçin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “Vaad le-atzala” Yəhudi Təşkilatının Azərbaycan filialının rəhbərinin müavini, ravvin Zamir İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun məsul əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan Komitə sədrinin müavini Vaqif Seyidbəyov qurumun fəaliyyət istiqamətləri və iş prinsipi barədə geniş məlumat verib. Dövlətimizin diaspor siyasətini həyata keçirən Komitənin xaricdə yaşayan soydaşlarımız, Azərbaycan diaspor təşkilatları və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icmaları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradıldığını nəzərə çatdırıb. Bildirib ki, əsası görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Komitənin 20 illik yubileyi iyulun əvvəlində işğaldan azad edilmiş Qarabağda qəhrəman hərbçilərimizlə birlikdə təntənə ilə qeyd edilib.
Qonaqların diqqəti xaricdə yaşayan həmvətənlərimizin bir araya gətirilməsi, şəbəkələşməsi, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi naminə son illərdə yaradılmış Azərbaycan Evlərinin, hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurasının fəaliyyətinə cəlb edilib. Qədim tariximizin, zəngin mədəniyyətimizin, doğma dilimizin, tolerantlıq və multikulturalizmə əsaslanan milli-mənəvi dəyərlərimizin xüsusilə də Vətəndən uzaqda yetişməkdə olan gənc nəsillərə aşılanması, Azərbaycan diasporunun yerli, regional fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi baxımından bu layihələrin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
İsrail və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin digər sahələrdə olduğu kimi, diaspor müstəvisində də uğurla davam etdirildiyi, bu yaxınlarda İsrailin diaspor işləri üzrə naziri Naxman Şayın dəvəti ilə Komitə sədri Fuad Muradovun dost ölkəyə səfər etdiyi, dövlət və hökumət rəsmiləri, orada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması ilə silsilə görüşlər keçirdiyi diqqətə çatdırılıb.
AVK-nın icraçı direktoru və aparat rəhbəri Qadi Qroniç ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. Bildirib ki, dünyada dini etiqad azadlığının təkcə sözdə deyil, həm də əməldə təmin edildiyi azsaylı ölkələrdən biri olan Azərbaycan bir çox dövlət və cəmiyyətlərə nümunədir. “Avropada multikulturalizm ideyasında məqsəd müəyyənləşdirilsə də, ona yönəlik yollar düzgün təyin edilməyib. Müasir dünyamızda mədəniyyətlərarası dialoqun təbliğinin və Azərbaycanın simasında dini tolerantlıq və birgə yaşayışın unikal modelinin təşviqi mühüm əhəmiyyət kəsb edir”, - deyə Qadi Qroniç bildirib.
Görüş zamanı Avropa yəhudilərinin daxilində təşkilatlar və icmalar arasında geniş və güclü şəbəkə barədə ətraflı məlumat verilib, Azərbaycan diasporunun beynəlxalq aləmdə ictimai rəyə təsir dairəsinin artırılması istiqamətində atıla biləcək addımlar, Komitə ilə AVK arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, AVK 1956-cı ildə Böyük Britaniyanın baş ravvini İsrael Brodinin təşəbbüsü ilə təsis edilib. Avropa qitəsində məhv edilmiş yəhudi icmalarını dirçəltmək məqsədilə yaradılan təşkilatın ilk konfransı 1957-ci ildə Amsterdam şəhərində baş tutub. Hazırda AVK öz sıralarında Avropadakı aparıcı dini icmaların 700-dən artıq liderini birləşdirir.