.

Ukrayna Ali Radasının deputatları Dövlət Komitəsini təbrik edib

14.07.2022

Ukrayna Ali Radasının bir qrup deputatı Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasbətilə təbrik edib.

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədrləri Vladimir Kreydenko və Valeri Kolyux, həmsədrlərin müavinləri Lyudmila Marçenko və Oleksandr Horovets, xalq deputatı Marian Zablotskinin adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətləri, Azərbaycan diasporunun Ukraynadakı fəaliyyəti yüksək qiymətləndirilib: “Ölkəniz Ukrayna xalqının sadiq dostudur və biz bunu Ukrayna üçün bu çətin zamanda xüsusilə yüksək qiymətləndiririk”.

Deputatlar qeyd ediblər ki, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin qorunub saxlanılmasına, Azərbaycan diasporunun dəstəklənməsinə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ilə sıx əməkdaşlığın davam etdirilməsinə hər cür töhfə verməyə davam edəcəklər:

“Birgə səylər nəticəsində Ukrayna-Azərbaycan münasibətlərinin qurulması və möhkəmləndirilməsi yolunda artıq çox işlər görülüb, o cümlədən “Ukrayna-Azərbaycan” beynəlxalq media platforması yaradılb, Xocalı faciəsinin Azərbaycan xalqının soyqırımı aktı kimi tanınması məsələsi qaldırılıb, dəyirmi masalar, işçi görüşlər keçirilib. Ukrayna azərbaycanlıları Ukrayna xalqı ilə dostluğun möhkəmləndirilməsi və Ukrayna cəmiyyətinə inteqrasiya naminə çox işlər görürlər. İnanırıq ki, birgə səylərlə dost dövlətlərimizin – Ukrayna və Azərbaycanın inkişafı və tərəqqi yolunda mühüm nəticələr və uğurlar əldə edəcəyik.

Hörmətli cənab Fuad Muradov! Komitənin yaradılmasının 20 illiyi münasibətilə Sizi və həmkarlarınızı səmimi qəlbdən təbrik edir, sülh, uğurlar və firavanlıq arzulayır, bundan sonra da səmərəli əməkdaşlığa ümid edirik”.