AMEA-da Ömər Faiq Nemanzadənin 150 illiyi qeyd edilib
Bakıda Azərbaycan jurnalistikasında və ədəbiyyatında silinməz iz qoymuş görkəmli ictimai-siyasi xadim, publisist, pedaqoq, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi, 1937-ci ilin repressiya qurbanı Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş tutan tədbirdə elmi ictimaiyyətin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və yubilyarın ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli yubilyarın həyat və yaradıcılığına, Azərbaycan ədəbi mühitində oynadığı mühüm rola diqqəti cəlb edib.
Sonra tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova “Ömər Faiq Nemanzadə: Millətin gələcəyini işıqlı görmək inamı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova “Sarıqamış uğursuzluğu, rus və erməni soyqırımının Ömər Faiq Nemanzadə publisistikasında şərhi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda görkəmli maarifçinin nəvəsi Fuad Pepinov ailə xatirələrinin təfərrüatlarını auditoriyanın nəzərinə çatdırıb, eyni zamanda babasının yubileyinin qeyd olunmasına görə ailələri adından AMEA-ya minnətdarlığını bildirib.
Qeyd edək ki, Ömər Faiq Nemanzadənin nəticəsi, Fuad Pepinovin qızı Ülvi Pepinova hazırda İngiltərənin Kembric şəhərində yaşayır və diaspor fəalıdır.