.

Diaspor təşkilatları Azərbaycanda xeyriyyə aksiyaları keçirib

11.07.2022

Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanda xeyriyyə aksiyaları keçirib.

Benilüks Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşəbbüsü ilə baş tutan xeyriyyə aksiyasında 100-ə yaxın şəhid və qazi ailəsinə bayram sovqatı paylanılıb.

“Dayaq” təşkilatının sədri Qalib Əliyev bildirib ki, qəhrəman oğullarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazib, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş ediblər. Şəhid ailələrinin cəmiyyətimizə əmanət olduğu, bundan sonra da onlara və müharibə iştirakçılarına diqqət və qayğının davam etdiriləcəyi nəzərə çatdırılıb.

* * *

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində, Yardımlı, İsmayıllı, Saatlı, Qazax rayonlarında və Gürcüstanın Qoçulu kəndində keçirilən xeyriyyə aksiyalarında 600-dən çox şəhid, qazi və aztəminatlı ailələlərə bayram sovqatı çatdırılıb.

Qeyd edək ki, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının fəxri sədri Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə artıq üçüncü ildir belçikalı türklərin qurbanları Azərbaycanda da kəsilir.