Fərid Cəfərli: “Komitə dünya azərbaycanlılarını Azərbaycançılıq ideologiyası ətrafında birləşdirə bilib”
Polşada fəaliyyət göstərən Polşa Azərbaycanlıları Şurası Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibıətilə təbrik edib.
Şuranın sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərlinin adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda qurumun fəaliyyəti təqdir olunub: “İndi qürurla deyə bilərik ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Komitə dünya azərbaycanlılarını Azərbaycançılıq ideologiyası ətrafında birləşdirə bilib. Hazırda xaricdəki soydaşlarımızın və gənclərimizın fəaliyyətində bu ideya bütün gücü ilə özünü göstərir. Çünki Komitə tarixi Vətənimizin milli maraqlarının müdafiəsi baxımından diaspor təşkilatları arasında fəal iş aparır.
Hörmətli cənab sədr! Polşadakı soydaşlarımız adından Sizi, Komitənin əməkdaşlarını və dünya azərbaycanlılarını yubiley münasibətilə ürəkdən təbrik edir, ölkəmizin həqiqətlərinin təbliği istiqamətindəki fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.
Fərid Cəfərli diaspor sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə təltif olunmaları münasibətilə də Komitə əməkdaşlarını təbrik edib: “Çox müsbət haldır ki, fəaliyyətiniz dövlətin ali rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Fürsətdən istifadə edib, bu münasibətlə də Sizi təbrik edirəm”.