.

Rusiyanın Kostomukşa şəhərindəki festivalda mahnılarımız Azərbaycan dilində səsləndirilib

08.07.2022

Rusiya Federasiyası Kareliya Respublikasının Kostomukşa şəhərində keçirilən “Dostluq dalğasında” adlı festivalda ölkəmiz təmsil olunub.

“Karelski Okatış”ın 40 illiyinə və Metallurq Gününə həsr olunan festivalda şəhərin milli-mədəni birliklərinin nümayəndələri, “Dostluq” mədəniyyət və idman mərkəzinin yaradıcı kollektivləri iştirak ediblər.

Şəhərin mərkəzi meydanında baş tutan festivalın təntənəli keçidi zamanı ölkəmizi təmsil edən həvəskar bəstəkar, müğənni Yaroslav Semyonov və qrupu Azərbaycanın milli geyimlərini nümayiş etdiriblər. Festival iştirakçılarını milli geyimlərimizlə Petrozavodsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu təmin edib.   

Azərbaycanın təqdimatı zamanı tədbirin aparıcıları günəşli məmləkətimizin qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik olduğunu, füsünkar təbiəti və parlaq rəngləri ilə böyük milli xalçanı xatırlatdığını nəzərə çatdırıblar.

Sonra Yaroslav Semyonovun ifasında Azərbaycan bəstəkarları Oqtay Kazıminin və Polad Bülbüloğlunun “Ey həyat, sən nə qəribəsən” və “Gəl, ey səhər” mahnıları Azərbaycan və rus dillərində səsləndirilib. Onun çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbir bütün xalqların dostluq halayı çəkməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycanın Ceyranbatan qəsəbəsində doğulub boya-başa çatan Yaroslav Semyonov sonradan Kareliyanın Kostomukşa şəhərində məskunlaşıb. Azərbaycan mahnılarının ifaçısı kimi tanınan, ölkəmizi vəsf edən mahnılar bəstələyən həmyerlimizin “Youtube”dakı videoçarxları ona böyük populyarlıq qazandırıb.  

Tədbiri aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=VgUwAokPcj8