.

İnquşetiya hökuməti Dövlət Komitəsini təbrik edib

08.07.2022

Rusiya Federasiyası İnquşetiya Respublikasının hökuməti Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Respublikanın xarici əlaqələr, milli siyasət, mətbuat və informasiya üzrə naziri Vaxa Bekovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda qurumun fəaliyyəti yüksək qiymətləndirilib.

Bildirilib ki, soydaşların tarixi vətənləri ilə əlaqələrinin gücləndirilməsi, mədəni və siyasi hüquqlarının müdafiəsi, milli kimliklərinin qorunub saxlanılması və millətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində fəal iş aparan Komitənin səyləri nəticəsində Azərbaycan diasporu daha güclü, mütəşəkkil və həmrəy qüvvəyə çevrilib: “Hörmətli Fuad Rauf oğlu! Komitənin çoxşaxəli fəaliyyəti xüsusi hörmətə, ehtirama və minnətdarlığa layiqdir. Əminəm ki, bundan sonra da Azərbaycan diasporunun uğurlu inkişafına əvəzolunmaz töhfələr bəxş edəcəksiniz. Sizi və həmkarlarınızı əlamətdar yubiley münasibətilə təbrik edir, davamlı uğurlar arzulayıram”.