Əli Məmmədov: “Milli-mənəvi dəyərlərimizin gənc nəslə ötürülməsində dəstəyinə görə Komitəyə minnətdarıq”
Rusiya Federasiyasının Xabarovsk diyarında fəaliyyət göstərən “Azərbaycan Konqresi” ictimai təşkilatı Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Təşkilatın sədri Əli Məmmədovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Vətənimizdən uzaqda yaşayan soydaşlarımıza milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasında və gənc nəsillərə ötürülməsində qurumun dəstəyi danılmazdır: “Buna görə Komitəyə minnərdarlığımızı ifadə etmək istərdik. Sizi və Komitənin əməkdaşlarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, Azərbaycan dövlətinin və xalqının rifahı naminə bundan sonra da birgə əməkdaşlıq edəcəyimizə ümid edirik”.
Soydaşlarımız Komitə sədrini ali dövlət mükafatına layiq görülməsi münasibətilə də təbrik edib: “Hörmətli Fuad Rauf oğlu! Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafatla – diaspor sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə səmimi təbriklərimizi qəbul edin”.