Kərim Kərimov: “Komitə güclü Azərbaycan diasporunun təşəkkül tapması missiyasını uğurla həyata keçirib”
İspaniya Krallığında yaşayan Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Barselona Azərbaycan Evinin rəhbəri və "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin sədri Kərim Kərimovun adından Dövlət Komitəsinə ünvanlanan məktubda bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan qurum xalqımızın milli həmrəyliyinin və dövlətimizin qüdrətinin göstərici olan güclü Azərbaycan diasporunun təşəkkül tapması missiyasını uğurla həyata keçirib: “Komitənin və diasporumuzun bu illər ərzində ən başlıca məqsədi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, soydaşlarımızın vahid azərbaycançılıq ideologiyası ətrafında bir yumruq kimi birləşdirilməsi idi. Pandemiya ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi dövründə bu misilsiz birliyin şahidi olduq. 2020-ci ilin iyul ayında Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törədilən təxribata cavab olaraq, dünyanın 30-dan çox ölkəsində 25 min nəfərdən çox soydaşımızın iştirak etdiyi 100-ə yaxın etiraz aksiyasının keçirilməsi artıq güclü Azərbaycan diasporunun formalaşmasının bariz göstəricisi idi.
İspaniyada yaşayan azərbaycanlılar adından hörmətli sədr Fuad Muradov başda olmaqla bütün Komitə əməkdaşlarını və dünya azərbaycanlılarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, Vətənimizin bundan sonra da dünyada ən yaxşı şəkildə tanıdılması istiqamətindəki fəaliyyətində davamlı uğurlar arzulayırıq. Gücümüz birliyimizdədir!”