.

İstanbuldakı Mübariz İbrahimov adına məktəbin kollektivi Dövlət Komitəsini təbrik edib

07.07.2022

İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin kollektivi Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Dərnəyin İdarə Heyətinin sədri və məktəbin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aygün Həsənoğlunun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, 20 il ərzində qurum səmərəliliyi, fəallığı və şərəfli tarixin bir parçası olması ilə seçilib: “Diaspor təşkilatları ilə üz-üzə, birbaşa görüşərək, onların problemlərini, ehtiyaclarını və arzularını dinləməyiniz, bu problemlərin həlli üçün tədbirlər görməyiniz, yeni layihələr həyata keçirməyiniz həm Komitənin fəaliyyəti, həm də dövlətimizin gələcəyi baxımından faydalı olub. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlı ailələrə dərnəyimiz vasitəsilə göstərdiyiniz maddi yardım, azərbaycanlı uşaqların təhsilinə verdiyiniz önəm və dəstək hər kəsi məmnun edib, buradakı soydaşlarımızda dövlətimizə sevgi və inamı artırıb”.

Qeyd edilib ki, Vətən müharibəsi dönəmində Komitənin səmərəli fəaliyyəti Ermənistandakı analoji strukturun fiaskosu ilə sonuclanıb: “Həmin müəssisənin cəzalandırılması və 17 nəfər əməkdaşının işdən azad edilməsi əslində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin uğurunun qürurverici nəticəsi idi. Artıq diaspor təşkilatları və nümayəndələri Komitəyə ümid bəsləyir və birlikdə çalışmaq üçün gözləntiləri artır.

Hörmətli Fuad müəllim! Sizi və Komitə əməkdaşlarını 20 illik yubiley, habelə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mükafatlandırılmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Yaşasın müstəqil, bütöv və bölünməz Azərbaycan dövləti! Zəfərimiz əbədi olsun!”