Rusiyanın Arxangelsk vilayətinin hökuməti Dövlət Komitəsini təbrik edib
Rusiya Federasiyasının Arxangelsk vilayətinin hökuməti Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Arxangelsk vilayəti hökuməti sədrinin müavini – Arxangelsk vilayətinin iqtisadi inkişaf, sənaye və elm naziri Viktor İkonnikovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib, regionun ictimai-siyasi, humanitar sahələrinə və millətlərarası qarşılıqlı anlaşmaya töhfələr verməsi təqdir edilib.
Qeyd edilib ki, Arxangelsk vilayəti ilə Azərbaycan Respublikasını köhnə dostluq münasibətləri birləşdirir. Buna nümunə olaraq 1970-ci illərdə Rusiyanın qeyri-qara torpaq regionlarında kampaniyalar aparıldığı dönəmdə Azərbaycanın Arxangelsk vilayətini himayəsinə götürdüyü, azərbaycanlı mütəxəssislərin Primoryedə mühüm obyektlər inşa etdiyi, hazırda isə MDB dövlətləri arasında ölkəmizin bu əyalətin əsas xarici ticarət tərəfdaşlarından biri olduğu nəzərə çatdırılıb: “İndi Arxangelsk vilayətində bir çox sahələrdə çalışan 10 minə yaxın azərbaycanlı yaşayır. Azərbaycan diasporunun dəstəyi ilə vilayətdə sosial əhəmiyyətli və xeyriyyə layihələri gerçəkləşdirilir, milli bayramlar münasibətilə müxtəlif tədbirlər həyata keçirilir, nəticədə sakinlər Azərbaycan xalqının zəngin və orijinal mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edirlər.
Hörmətli cənab Fuad Rauf oğlu! İcazə verin, Arxangelsk vilayətinin hökuməti və şəxsən öz adından Sizi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə təbrik edim. Yeni təşəbbüslərinizdə Sizə uğurlar, rifah və firavanlıq arzulayıram”.