.

Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələri TİKA VƏ TRT-də görüşlər keçirib

07.07.2022

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) nümayəndələri Ankarada səfərdədir.

Səfər çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Fondun baş mütəxəssisi Zeynəb Sabirli və Türkiyənın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) başkanı Serkan Kayalar ilə görüşüb.

Görüş zamanı azərbaycanlıların və türksoylu xalqların sıx yaşadığı ölkələrdə birgə fəaliyyətlə bağlı müzakirələr aparılıb. Gürcüstan azərbaycanlılarının həyat səviyyəsinin artırılması, həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin də iştirakı ilə birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi edən tərəflərin qərarı ilə TİKA-nın yerli ofislərinə göndəriləcək təlimatlar əsasında birgə layihələrin reallaşdırılması prosesi başlanacaq.

Bundan başqa, ADDF nümayəndələri TRT baş direktorunun müavinləri Fethi Fahri Kaya və Hasan Öyməz ilə də görüşlər keçirib. Müharibə dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında türk media agentliklərinin xüsusi fəaliyyəti vurğulanaraq, diaspor nümayəndələrimizin təmsil olunduğu ölkələrdə həyata keçirilən fəaliyyətin, həmçinin ölkə daxilindəki ictimai-siyasi, mədəni proseslərin işıqlandırılması üçün media qurumlarının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.