Mark Qorin: “Komitənin vaxtında yaradılması Azərbaycan xalqının və rəhbərliyinin çoxəsrlik müdrikliyini əks etdirib”
İsrailin rusdilli AVIV telekanalının baş redaktoru Mark Qorin yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Tanınmış jurnalistin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, belə hökumət strukturunun vaxtında yaradılması faktının özü Azərbaycan xalqının və rəhbərliyinin çoxəsrlik müdrikliyini, humanistliyini əks etdirib.
“Biz, bugünkü israillilər –Azərbaycandan olan, öz vətənlərini heç vaxt unutmayan mühacirlər (“Azİz” kimi uğurlu təşkilatda birləşənlər), Komitənin işinin nə qədər mühüm, səmərəli, siyasi və humanitar əhəmiyyətli olduğunu daim görürük. Biz dünyanın başqa ölkələrində yaşayan həmyerlilərimizlə görüşəndə də buna dəfələrlə əmin olmuşuq. Sizin və həmkarlarınızın gündəlik və səmərəli fəaliyyəti müxtəlif ölkələrdəki soydaşlarımızın Azərbaycan dövləti ilə insani ünsiyyətini nəinki dəstəkləməsinə, hətta hərtərəfli inkişaf etdirməsinə və gücləndirməsinə imkan verir.
Aydındır ki, belə fəaliyyət İsraillə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafına çox kömək edir. Bu da məlum olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı münasibətlərin inkişafında, onların uğurlarında, nailiyyətlərində və qələbələrində müsbət şəkildə özünü göstərir.
Hörmətli cənab Muradov!
Sizi və şəxsinizdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin bütün kollektivini əlamətdar yubiley – rəhbərlik etdiyiniz bu çox mötəbər və əlamətdar qurumun 20 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu peşəkar işə və insan diqqətinə görə şəxsən Sizə və həmkarlarınıza təşəkkür edirəm!”