Komi Respublikasının milli siyasət naziri Dövlət Komitəsini təbrik edib
Rusiya Federasiyası Komi Respublikasının milli siyasət naziri Roman Noskov Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Nazirin adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Azərbaycanın dövlət qurumu öz diasporlarının tarixi Vətənləri ilə əlaqələrinin inkişafına, mədəni-tarixi dəyərlərinin dəstəklənməsinə, milli kimliyin qorunub saxlanılmasına böyük töhfələr verir.
Nazir nəzərə çatdırıb ki, Komi Respublikası ərazisində 20 il öncə ilk azərbaycanlı icması rəsmi olaraq qeydə alınıb: “Milli mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlamaq, öz tarixlərinə, doğma dillərinə, köklərinə bağlılığın və hörmətin gənc nəsillərə ötürülməsi kimi ümumi ideya naminə bir araya gələn fəal azərbaycanlılar öz soydaşlarını ətraflarında toplaya biliblər. Hazırda Komi Respublikasının ərazisində azərbaycanlıların 9 milli-mədəni birliyi uğurla fəaliyyət göstərir. Onlar həmvətənlərinə kömək və dəstək göstərməklə yanaşı, regionumuzun sosial-mədəni və ictimai sferasının inkişafına əhəmiyyətli töhfələr verirlər.
Uzun illər ərzində Komi Respublikasının Azərbaycan diasporu Novruz, Qurban və digər milli bayramlar münasibətilə möhtəşəm tədbirlər təşkil edir, respublikanın mədəni həyatında fəal iştirak edir, sosial yönümlü layihələrə dəstək göstərir, xeyriyyə tədbirləri, idman yarışları və s. təşkil edir. Bütün bunlar, əlbəttə ki, respublikamızın bütün sakinləri arasında sülhün, əmin-amanlığın və sıcaq dostluq münasibətlərinin saxlanılmasına imkan verir.
Hörmətli Fuad Rauf oğlu! Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə və sizin şəxsinizdə Dövlət Komitəsinə davamlı uğurlar arzulayıram”.