...

Hikmət Cavad: “Diaspor sahəsində görülən işlər dövlətimizin apardığı siyasətə güclü təkan verib”

04.07.2022

Ukraynada yaşayan azərbaycanlılar Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illik yubileyi münasibətilə təbrik edib.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, ümummilli lider Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli Fərmanını imzalaması ilə fəaliyyətə başlayan dövlət qurumu dünyanın müxtəlif ölkələrində Azərbaycan naminə çalışan diaspor təşkilatlarını bir araya gətirərək, öz nəcib missiyasını uğurla davam etdirir: “Qətiyyətlə demək olar ki, diaspor sahəsində son illərdə aparılan işlər, həyata keçirilən layihələr uğurlu nəticələr verməklə, ümumilikdə dövlətimizin bu istiqamətdə apardığı siyasətə güclü təkan verib. Komitəmizin koordinasiyası ilə UABD dövlət və milli maraqlarımıza xidmət edən onlarla layihələr həyata keçirib. Bu fəaliyyətimizdə hər zaman Sizin və rəhbərlik etdiyiniz kollektivin dəstəyini hiss etmişik. Əminəm ki, yaxın gələcəkdə də birgə əməkdaşlığımız davam edəcək, dövlətimiz və xalqımız naminə möhtəşəm layihələrə birlikdə imza atacağıq.

Hörmətli Fuad müəllim! UABD-nin bütün üzvləri adından Sizi və Komitə əməkdaşlarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, çətin və məsuliyyətli işinizdə möhkəm iradə, əzmkarlıq arzulayır, davamlı nailiyyətlər əldə etməyinizi diləyirik”.