Şimali İrlandiya azərbaycanlıları nəcib missiyasına görə Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlılar yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının
Şimali İrlandiya üzrə əlaqələndiricisi Pərvanə Ağazadənin adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, soydaşlarımız qurumun fəaliyyətini və dəstəyini yüksək qiymətləndirir: “Bütün bu illər ərzində gördüyünüz işlər danılmazdır və əldə etdiyiniz nəticələr göz qabağındadır. Əminəm ki, daha böyük nailiyyətlərimiz qarşıdadır və Komitənin dəstəyi ilə biz – dünya azərbaycanlıları gələcək illərdə yaşadığımız ölkələrdə çox güclü təsir imkanlarına malik olacağıq.
Hörmətli sədr! Sizi, Komitənin hər bir əməkdaşını və böyük diaspor ailəsini yubiley münasibətilə təbrik edir, həyata keçirdiyiniz nəcib missiyaya görə təşəkkürümü bildirirəm”.