Kostanay vilayətində yaşayan soydaşlarımız Dövlət Komitəsini təbrik ediblər
Qazaxıstanın Kostanay vilayətində yaayan azərbaycanlılar Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
“Birlik” Azərbaycan Etnomədəni Birliyinin sədri Rafail Hacıbalayevin adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, ulu öndər Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 5 iyul 2002-ci il tarixli Fərmanı ilə qürbətdə yaşayan həmvətənlərimizə münasibətdə yeni səhifə açılıb: “Zaman keçdikcə diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Son illər ərzində görülən işlər özünü 44 günlük Vətən müharibəsi dönəmində göstərdi. Bütün azərbaycanlılar bir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Hər bir azərbaycanlı öz missiyasını şərəflə, ləyaqətlə, yüksək vətənpərvərliklə yerinə yetirdi”.
Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayını xaricdə yaşayan azərbaycanlılarının həmrəyliyinin təntənəsi adlandıran birlik sədri qeyd edib ki, Qazaxıstandakı soydaşlarımız bundan sonra da yorulmadan çalışaraq, qardaş ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrin daha da inkişaf etməsində öz üzərlərinə düşən missiyalarını yerinə yetirəcəklər.