Fəridə Pənahova: “Diasporumuzun təşkilatlanmasında Dövlət Komitəsinin əməyi danılmazdır””
Britaniya Azərbaycanlıları Cəmiyyətinin üzvləri və cəmiyyətin nəzdində fəaliyyət göstərən “Qarabağ” məktəbinin müəllim-valideyn heyəti yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik ediblər.
Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubunda bildirilib ki, yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, qürbətdə yaşayan yüz minlərlə azərbaycanlının doğma məkanına çevrilən Diasporla İş Üzrə Dövlət Komitəsi 20 illik yubileyini alnıaçıq şəkildə qeyd edir.
“Diasporumuzun tam fərqli istiqamətdə inkişafı, son illər dünya azərbaycanlıları arasında yaranan birlik, çevik təşkilatlanma məhz Sizin əzminiz nəticəsində əldə olunub və bu danılmazdır. Xaricdə yaşayan soydaşlarımızın ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda fəaliyyətiniz diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin – yüksək və peşəkar təşkilatlanma mərhələsinin əsasını qoyub, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə daha fərqli instansiyalardan çatdırılmasında əvəzsiz rol oynayıb”.
Qeyd edilib ki, bu birliyin bariz nümunəsi 44 günlük Vətən müharibəsi dövründə dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib: “Komitənin gecəsini gündüzünə qatan əməkdaşları diaspor nümayəndələri və təşkilatları ilə birlikdə “Dəmir Yumruq” ətrafında birləşərək, vətənimizin haqq səsini ən yüksək instansiyalara çatdıra bildilər. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi isə dövlət başçısının diaspora göstərdiyi yüksək etimadının nəticəsi idi. 2011-ci ildə baş tutan III qurultayda Prezident İlham Əliyev “yaxın dövrdə Dünya Azərbaycanlılarının Qurultaylarını Şuşada keçirəcəyik” fikrini söyləmişdi. Qürur hissi ilə deyə bilirik ki, Müzəffər Ali Baş Komandan öz sözünün üstündə durdu. Onun rəhbərliyi və qüdrətli ordumuzun əzmi ilə tarixi ədalət bərpa oldu. Azərbaycan bayrağı yenidən doğma Qarabağda dalğalanmağa başladı”.
Bildirilib ki, Komitənin həyata keçirdiyi layihələr diaspor amilinin dövlətçiliyimizin inkişafı, ölkəmizin dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir: “Azərbaycan diasporu artıq digər ölkələrin diasporları ilə effektiv iş birliyi aparmaqdadır və nəticələr həqiqətən ürəkaçandır. Bu işdə də Komitənin dəstəyi əvəzedilməzdir.
Hörmətli Fuad müəllim! Komitənin dəstəyi ilə Birləşmiş Krallıqda fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbinin tələbə və valideynləri belə imkanı yaratdığınız üçün Sizə xüsusi təşəkkürlərini çatdırmağımızı xahiş etdilər. Sizi və Komitənin bütün əməkdaşlarını yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, çətin və məsuliyyətli işlərinizdə davamlı nailiyyətlər arzulayırıq”.