...

Mixail Qusman: “Rusiyada yaşayan 2 milyondan çox soydaşımız Komitənin diqqətini və dəstəyini yüksək qiymətləndirir”

04.07.2022

Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti və əməkdar mədəniyyət işçisi, Dövlət Mükafatı laureatı Mixail Qusman yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Tanınmış jurnalistin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, yarandığı gündən qurum Azərbaycan diasporunun dəstəklənməsi istiqamətində fəal iş aparır, xaricdəki soydaşlarımızla əlaqələri genişləndirir və millətlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfələr verir. “Rusiyada yaşayan 2 milyondan çox soydaşımız Komitənin diqqətini və dəstəyini yüksək qiymətləndirir. Yaxşı bilirəm və sizi əmin edirəm ki, Rusiyadakı diasporumuz Azərbaycanın dünya miqyasında qazandığı parlaq uğurlar, iqtisadi, sosial və mədəni quruculuq məsələlərində əldə etdiyi gözəl nəticələrlə səmimi şəkildə və ürəkdən fəxr edir.

Dünyadakı Azərbaycan diasporunun da hesab etdiyi kimi, müasir Azərbaycan dövlətinin bütün uğurları ölkənin qurulmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müasir mütərəqqi inkişafında misilsiz xidmətləri olan Prezident İlham Əliyevin adları ilə sıx bağlıdır.

Əminəm ki, bütün soydaşlarımız həmişə öz tarixi vətənlərinə sadiq qalacaqlar, ona minnətdarlıq və dərin vətənpərvərlik hissi ilə yaşayacaqlar.

Hörmətli Fuad Rauf oğlu! Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Sizi və həmkarlarınızı səmimi qəlbdən təbrik edirəm”.