...

Misirdəki diaspor təşkilatının rəhbəri Dövlət Komitəsini təbrik edib

04.07.2022

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
O, yubiley münasibətilə sədr Fuad Muradov başda olmaqla komitənin bütün əməkdaşlarına ən xoş arzularını çatdırıb: “Sizləri öz adımdan və Misirdə yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edir, uğurlar arzulayıram”.
Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifi olan S.Nəsirov bildirib ki, bu gün ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsində Misirdə yaşayan azərbaycanlıların da xidməti danılmazdır: “Diasporumuzun əsas vəzifəsi bütün azərbaycanlıları bir araya gətirib, Vətənimiz olan Azərbaycanı layiqincə təbliğ etməkdir. Misirə qədəm qoyduğum ilk gündən bunu dərk edib, ölkəmizin təbliği ilə məşğul olmuşam. Biz Misirə yeni gedəndə onlar bizim ölkəmiz barədə heç də məlumatlı deyildilər. Bu da məni məyus edirdi. Lakin bu gün artıq belə deyil. Ərəb mənbələrinə istinad edilərək əslən azərbaycanlı olan 250 alim barədə 2 kitab çap olunub”.
Diaspor rəhbəri misirli tələbələrə təkcə Azərbaycan dilini yox, həm də ölkəmizin mədəniyyətini, coğrafiyasını tanıtdıqlarını, Azərbaycan həqiqətlərini çatdırdıqlarını söyləyib: “Vətəni təbliğ etməyin ən əlverişli variantı o idi ki, onların mənbələrinə istinad edərək vətənimizlə bağlı olan məlumatları ortaya çıxarıb, onu Misirlilərə təqdim edim. Düşündüm ki, belə etsəm, daha məqbul sayılar, nəinki öz mənbələrimizi tərcümə edib onlara nümayiş etdirmək. Ərəb mənbələrində Azərbaycanla bağlı olan mənbələri də araşdırmağa başladım. Bu yolla Azərbaycanın təbliğinə başladım. İkinci olaraq Azərbaycan dilinin tədrisinə başladıq. Biz bunun Vətənimizin təbliği və əlaqələrin inkişafı üçün nə qədər önəmli olduğunu görürük. 2017-ci ildən bu günədək 1150-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etmişik. Çünki bu önəmlidir. Azərbaycan dilinin təbliği cənab Prezidentimiz tərəfindən hər zaman diasporun qarşısında qoyduğu tələbidir. Biz də bu işi uğurla həyata keçiririk. Mərkəzimizdə hazırda dünyanın 35-dən çox ölkəsindən 400-dən çox tələbə müxtəlif fənlər uzrə ödənişsiz təhsil alır. Bu gün də təbliğat və təşviqat işlərimiz uğurla gedir”.