...

“Nations Emergentes” jurnalı Azərbaycandan bəhs edib

04.07.2022

Paris şəhərində fransız dilində nəşr edilən “Nations Emergentes” beynəlxalq ticarət jurnalının iyul nömrəsi Azərbaycana həsr olunub.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradovanın dəstəyi ilə ərsəyə gələn xüsusi nömrə “Azərbaycan, gələcəyə inam” adı ilə təqdim olunub. “Bugünkü Azərbaycan öz gücünün zirvəsindədir, çünki uşaqlar üçün daha yaxşı gələcək təmin edilib” təqdimatı ilə çıxış edən jurnalda qeyd olunub ki, Mərkəzi Asiya ilə Avropa arasında ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi, zəngin enerji resurslarına malik olması, 2020-ci ildə Ermənistanla müharibədə qalib gəlməsi kimi amillər bu inamı daha da gücləndirir və ölkəni xarici şirkətlər və sərmayəçilər üçün cəlbedici məkana çevirir.

Azərbaycanlı mütəxəssislər tərəfindən yazılan məqalələrdə ölkəmiz və onun qədim mədəni sərvəti haqqında məlumat verilib, iqtisadi göstəricilərə diqqət cəlb edilib, əlverişli biznes mühitindən, ictimai fəaliyyətin müxtəlif sahələrindən, işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng yenidənqurma və bərpa işlərindən bəhs edilib.

Azərbaycanın coğrafi mövqedən düşünülmüş və məqsədyönlü şəkildə yararlanması, hasil olunan karbohidrogen ehtiyatlarının nəqli üçün reallaşdırılan çoxşaxəli neft və qaz boru kəmərləri, yeni nəqliyyat dəhlizləri və bu məqsədlə zəruri infrastrukturun, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yollarının istifadəyə verilməsi, yaşıl enerji imkanları Avropa biznes şəbəkəsi üçün fürsət kimi dəyərləndirilib.

Azərbaycanın digər ölkələrlə müqayisədə rəqabət üstünlüyünün, regionun inkişaf edən ölkəsinə çevrilməsinin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik və məqsədyönlü siyasətin nəticəsi olduğu oxucuların diqqətinə çatdırılıb.

Qeyd edək ki, “Nations Emergentes” jurnalı beynəlxalq ticarət sahəsində ixtisaslaşıb və yeni bazarlarla Avropa biznes şəbəkəsi arasında əlaqə və tanışlıq imkanı yaradır. Onlayn formatda olan jurnal Avropanın xarici ölkələrlə əməkdaşlıq edən, idxal-ixrac əməliyyatları həyata keçirən 10 mindən çox şirkətlər şəbəkəsində yayılır və geniş oxucu auditoriyasına malikdir.