Çimkəndəki Azərbaycan icması Dövlət Komitəsinə təbrik ünvanlayıb
Qazaxıstanın Çimkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Etnomədəni Mərkəzi yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Mərkəzin sədri Natiq İbrahimov və sədr müavini Arqu Qurbanovanın adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Komitə bütün azərbaycanlıların milli birliyinin rəmzinə, xaricdə yaşayan azərbaycanlıları böyük mehriban ailədə birləşdirən geniş, nüfuzlu nümayəndəliyə çevrilib: “Bütün bu illər ərzində Komitə Azərbaycan diasporunun problem və qayğıları ilə maraqlanıb, soydaşlarımızı respublikamızın tarixi maraqlarının reallaşdırılması prosesində fəal iştiraka cəlb edib, dünya azərbaycanlıları ilə tarixi vətənləri arasında əlaqəni inkişaf etdirib, soydaşlarımızın milli kimliyinin qorunub saxlanmasında, milli maraqların daha etibarlı müdafiəsi, diasporlar arasında əlaqələrin genişləndirilməsi, onların mədəni-siyasi hüquqlarının müdafiəsi üçün diasporun potensialından istifadə etməklə fəal iştirak edib”.
Qeyd edilib ki, Komitə azərbaycanlıların sıx məskunlaşdığı ölkələrdə və bölgələrdə Azərbaycan həftəsonu məktəblərinin, mədəniyyət mərkəzlərinin açılmasına, yaradıcı insanların və qrupların fəaliyyətinə, həftəsonu məktəblər üçün dərsliklərin hazırlanmasına, xaricdəki aztəminatlı azərbaycanlıların sosial problemlərinin həllinə, soydaşlarımızın Azərbaycanın təhsil müəssisələrində təhsil almasına, elmi araşdırmalar aparmasına böyük dəstək göstərir.
“Hörmətli Fuad Rauf oğlu! Sizə və Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarına möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanın rifahı və firavanlığı naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq!”, - deyə soydaşlarımız bildiriblər.