ABŞ-ın Los Qatos şəhərində yaşayan soydaşlarımız Dövlət Komitəsinə təbrik ünvanlayıblar
ABŞ-ın Kaliforniya ştatının Los Qatos şəhərində yaşayan Azərbaycan icması yaranmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) rəhbəri Aynur Ağayevanın adından ünvanlanan məktubda bildirilib ki, Komitə dünyadakı Azərbaycan icmalarına və diaspor təşkilatlarına bir çox səviyyələrdə dəstək göstərməkdədir Bu dəstəyin sayəsində diaspor təşkilatları və soydaşlarımız potensiallarını nümayiş etdirmək və məqsədlərinə çatmaq imkanı qazanıblar.
“Komitənin ən böyük nailiyyətlərindən biri dünyada milyonlarla azərbaycanlını bir araya gətirməkdir. ACSNC həmin təşkilatlardan biri kimi Komitənin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. Biz qalib xalqımızın adına layiq olmaq, zəngin mədəniyyətimizi təbliğ etmək və dünyadakı başqa icmalarla əlaqələrimizi möhkəmləndirmək kimi ümumi məqsədlərimizi həyata keçirərkən, birliyimizi nümayiş etdirərkən güclüyük. Sizi bu əlamətdar yubiley münasibətilə təbrik edir, Komitənin bütün əməkdaşlarına daha böyük uğurlar və soydaşlarımızla uzun illər ərzində möhkəm tərəfdaşlıq əlaqələri arzulayırıq”, - deyə cəmiyyət rəhbəri qeyd edib.