...

Rəhim Sadıqbəyli: “Vətən uzaqda deyil, Vətən bizim ürəyimizdədir”

30.06.2022

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edirlər.

Stokholmda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, kinorejissor və TV prodüsseri Rəhim Sadıqbəyli təbrik məktubunda bildirib ki, keçən əsrin əvvəllərindən təşəkkül tapan diasporumuz son illərdə çox böyük işlər həyata keçirir.

“Mənim üçün diasporumuzun birliyi və monolitliyi 2019-cu ildən başlayır” deyən rejissor xatırladıb ki, məhz həmin ildən etibarən Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünyada yaşayan azərbaycanlılar iki il ardıcıl olaraq Avropanın mərkəzi ölkələrinin paytaxtları Brüssel və Berlində Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqlər keçiriblər. Həmin mitinqlərdə “Biz şəhidlərimizi unutmadıq və mütləq torpaqlarımıza qayıdacağıq!” mesajı verilib.

“Sanki bu, böyük qələbəyə hazırlıq idi. Məhz 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımız uzun illik işğaldan qurtuldu. Şanlı Azərbaycan bayrağı Qarabağımızın tacı Şuşa qalasına sancıldı. Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın hər yerində mitinqlər və aksiyalar keçirdilər. Yaşadıqları ölkələrdə müxtəlif siyasətçilərlə və erməni icmalarının təmsilçiləri ilə debatlara qatılaraq işğalçıların ifşa olunmasına və Azərbaycan həqiqətlərinin Qərb ictimaiyyətinə çatdırılmasına nail oldular”.

R.Sadıqbəyli hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin post-müharibə dövründə həyata keçirdiyi layihələr, xüsusilə də diaspor nümayəndələrinin, əcnəbi jurnalistlərin, blogerlərin, səyyahların işğaldan azad olan bölgələrə səfərlərinin təşkili təqdirəlayiqdir. Amma Dövlət Komitəsinin 20 illik fəaliyyətinin ən böyük layihəsi azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayıdır. “Çox böyük zəhmətlə başa gəlmiş və 400-dək soydaşımızın qatıldığı möhtəşəm Şuşa qurultayı Vətənimizin alınmaz qalasında keçirilmiş Zəfər və Birlik tədbiri idi. Bu qurultay bir daha diasporumuzun monolitliyini və birliyini təsdiqlədi”.

Soydaşımız sonda xatırladıb ki, müharibədən sonra isveçli fotograf və rejissor Mikael Silkebergin Stokholm şəhərində keçirilən “Şuşa özünə qayıdır” fotosərgisində çıxış edərkən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qarşıda görüləcək çox işlərin olduğuna diqqəti cəlb etmişdi: “Komitəmizin əziz əməkdaşları, 20 illik yubiley münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. İnanırıq ki, bundan sonra da əzmlə çalışıb, dövlətimizin quruculuq işlərində diaspor nümayəndələrinin iştirakını təmin edəcəksiniz. Diaspor TV-nin bir proqramı “Vətən uzaqda deyil” adlanır. Mən isə deyirəm ki, Vətən uzaqda deyil, Vətən bizim ürəyimizdədir”.