...

Diaspor fəalı Lissabon və Brizben şəhərlərindəki beynəlxalq konfranslarda iştirak edəcək

30.06.2022

ABŞ-da yaşayan vokal ifaçısı, pedaqoq, səs elmi üzrə tədqiqatçı və diaspor fəalı Sevinc Sultanzadə UNESCO yanında Beynəlxalq Ənənəvi Musiqi Şurasının (ICTM) və Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (ISME) konfranslarında iştirak edəcək.

Beynəlxalq tədbirlər Portuqaliyanın Lissabon və Avstraliyanın Brizben şəhərində keçiriləcək. Dünyada Aleksandriya Sultan-zadə fon Brüsseldorf kimi tanınan həmyerlimiz bu konfranslarda öz elmi işini təqdim edəcək.

Hazırda elmi fəaliyyəti ilə əlaqədar Bakıda olan soydaşımız Azərbaycan Milli Konservatoriyasında “Muğam ifaçılarının (xanəndələrin) səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi” adlı dissertasiya üzərində işləyir. Dissertasiya işi çərçivəsində bir sıra məşhur azərbaycanlı xanəndələrin boğaz aparatının akustik və fizioloji xüsusiyyətləri tədqiq olunur. Bu dissertasiya səs elmləri sahəsində dünyada ilk araşdırma sayılır.

Qeyd edək ki, Azərbaycan musiqi ifaçılığı sənətinin inkişafında böyük xidmətlər göstərmiş məşhur qarmonçalan Əhəd Əliyevin nəticəsi olan Aleksandriya Sultan-zadə fon Brüsseldorf Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq fakültəsinin opera bölməsinə qəbul olunub, 1991-ci ildə isə ali musiqi təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirmək şansı qazanıb.

2006-cı ildə ABŞ-ın Riçmond şəhərindəki Virciniya Birliyi Universitetinin opera ifaçılığı istiqaməti, musiqi üzrə bakalavr dərəcəsini, 2013-cü ildə isə ABŞ-ın Rayder Universitetinin Vestminister Xor Kollecinin Opera İfaçılığı və Elmi Vokal Pedaqogika üzrə magistr dərəcəsini alıb.

UNESCO yanında Beynəlxalq ənənəvi musiqi şurasının, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin və ABŞ-da yerləşən nüfuzlu Beynəlxalq Səs Fondu “The Voice Foundation” təşkilatının üzvüdür.

Amerika, Kanada və Avropa ölkələrinin müxtəlif opera və konsert zallarında, Bakıdakı Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında konsertlər verib. Azərbaycanın musiqi mədəniyyətinin təbliğ olunmasında mühüm xidmətlər göstərməkdədir.

2006-cı ildən etibarən Tomris Azərinin rəhbərlik etdiyi Amerika Azərbaycan Cəmiyyətinin xətti ilə, eləcə də ölkəmizin ABŞ-dakı səfirliyi və BMT-dəki nümayəndəliyi tərəfindən reallaşdırılan əksər tədbirlərdə, diaspor təşkilatlarının işində ictimai fəal kimi yaxından iştirak edir.