Əziz Sancar yubileyi münasibətilə Dövlət Komitəsini təbrik edib
ABŞ Milli Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı Əziz Sancar yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubunda dünya şöhrətli alim qeyd edib ki, bu əlamətdar hadisə ilə yalnız qürur duymaq olar.
“Mən bu fikri Azərbaycana səfərdə olarkən də bildirmişdim. Son illərdə Türk diasporlarının birliyi, həmrəyliyi təqdirəlayiqdir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin, xüsusilə Sizin rolunuz danılmazdır. Hörmətli Prezident İlham Əliyevin Azərbaycanın və digər türk dövlətlərinin inkişafı naminə Türk-Azərbaycan diasporlarının yumruq kimi birləşməsi yolunda həyata keçirdiyi diaspor siyasəti xaricdə yaşayan diasporlar tərəfindən uğurla icra olunmaqdadır. Mən Amerika Birləşmiş Ştatlarını misal gətirə bilərəm. Burada Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin birliyi, həmrəyliyi baxımından fəaliyyəti yüksək qiymətləndirirəm. Yaradılmasının 20 illiyi münasibətilə Komitəni təbrik edir, Türk diasporunun gücləndirilməsi, dünya çapında mütəşəkkil qüvvəyə çevrilməsi istiqamətində xidmətlərində Diasporla İş üzrə Dövlət Komitəsinə davamlı uğurlar arzulayıram”, - deyə Əziz Sancar bildirib.