...

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Dövlət Komitəsini təbrik edib

29.06.2022

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva yaranmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

2003-cü ildən Niderlandda yaşadığını, 2007-ci ildən isə aktiv diaspor fəaliyyəti ilə məşğul olduğunu vurğulayan Mayisə Ağamirzəyeva bildirib ki, işləməkdən usanmayan, mədəni davranışa malik əməkdaşları ilə seçilən Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri yüksək qiymətləndirir: “Yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dogma Komitəmiz 20 il ərzində enişli-çıxışlı yollar keçərək, özünü doğruldub. Son illər ərzində isə dünya azərbaycanlılarının fəallığı diqqəti cəlb edir. Komitə yaşadıqları ölkələrdə çoxlu sayda soydaşlarımızın fəaliyyətini üzə çıxarıb və ölkəmizdə tanıdıb. Məhz Komitənin sayəsində mən də onları tanımışam. Dünyanın dörd bir tərəfində nə çox ziyalımız, nə çox ürəyi Vətənlə döyünən gənclərimiz var imiş”.

Birlik sədri qeyd edib ki, soydaşlarımızın mütəşəkkil şəkildə fəaliyyət göstərməsi məqsədilə yaradılan Koordinasiya Şuraları, Azərbaycan Evləri, həntəsonu Azərbaycan məktəbləri, gənclərdən ibarət müxtəlif platformalar və onlarla yeni yaranan diaspor təşkilatları Dövlət Komitəsinin son illərdəki uğurlu fəaliyyətinin nəticəsidir: “Ağır pandemiya mərhələsində diaspor təşkilatlarının öz fəaliyyətini müxtəlif informasiya texnologiyaları vasitəsilə davam etdirməsi, Tovuz hadisələri, Vətən müharibəsi, post-müharibə dönəmində dünya azərbaycanlılarının bir araya gətirilməsi, birlik və həmrəylik nümayiş etdirməsi Komitənin həyata keçirdiyi peşəkar koordinasiya nəticəsində mümkün olub. Ən əsası, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bu fəaliyyətin yüksək zirvələrindən biri hesab oluna bilər. “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması, təşəkkürnamələr dövlətimizin diasporumuza göstərdiyi diqqətin və həssas münasibətin təzahürüdür”.

Soydaşımız bildirib ki, Komitə ilə diaspor təşkilatlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini arzulayır: “Yaranmasının 20 illik yubileyi münasibətilə hörmətli sədr Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarını “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi adından səmimi qəlbdən təbrik edir, çətin və məsuliyyətli işlərində böyük nailiyyətlər əldə etməyi arzulayıram. Gücümüz birliyimizdədir”.