...

Dövlət Komitəsinin sədri “Azİz”i yubileyi münasibətilə təbrik edib

24.06.2022

İsrailin Kiryat-Bialik şəhərində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

İzdihamlı tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, şəhər meriyasının, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“Azİz”in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə aparılan tədbirdə giriş sözü ilə çıxış edən şəhər merinin müavini Naum Raçevski qonaqları salamlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov əlamətdar hadisə münasibətilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Asssosiasiyasının rəhbərliyini və üzvlərini təbrik edib. İsraildə Azərbaycan həqiqətlərinin təbliğində, zəngin mədəniyyətimizin tanıdılmasında, xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində beynəlxalq assosiasiyanın mühüm rol oynadığını söyləyib. Vətən müharibəsi və post-müharibə dönəmində ölkəmizi fəal şəkildə dəstəklədiklərinə görə beynəlxalq assosiasiyanın rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib.

Sonra DİDK adından təbrik məktubu “Azİz”in prezidenti Lev Spivaka, “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı kamança ifaçısı Salman Rabaevə təqdim edilib.

Tədbir Azərbaycanın xalq artisti Flora Kərimovanın və israilli musiqiçilərin iştirak etdiyi bədii proqramla davam edib. Konsert böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, tədbirin təşkilində “Azİz”in Kiryat-Bialikdəki şöbəsinin rəhbəri Sevin Hanukayev və Dağ Yəhudilərinin mədəniyyət və ənənələrinin qorunması mərkəzinin direktoru, “Azİz”in idarə heyətinin üzvü Şaul Siman Tov fəal iştirak ediblər.