...

Reza Deqati Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib

24.06.2022

Azərbaycan əsilli məşhur fransalı fotojurnalist Reza Deqati yaradılmasının 20-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

O bildirib ki, komitə dünya azərbaycanlılarını bir araya gətirmək yolunda kiçik kollektivi ilə çox böyük layihələrə imza atıb: “Hər millət dünyada öz mədəniyyəti ilə tanınır. Mədəniyyət millətin köküdür. Kök nə qədər dərin və möhkəm olarsa, millət də bir ağac kimi o qədər sağlam böyüyər və çətin sınaqlardan üzüağ çıxar. Müasir dövrdə insanlar istədikləri ölkədə məskunlaşa bilir. Dinindən, dilindən, irqindən asılı olmayaraq insanlar məskunlaşdığı məmləkətlərdə öz mədəniyyətini, adət-ənənəsini təbliğ etməyə başlayır və özləri də fərqinə varmadan öz vətənlərinin diasporuna çevirirlər. Amma bunu pərakəndə şəkildə həyata keçirmək çox çətindir. Bir atalar məsəlində deyilir ki, dünyanın ən gözəl mirvarilərini bir yerə toplasan belə, gözəl boyunbağı alınmaz, ta ki, onları bir ipə düzənə qədər. 40 il ərzində 100-dən artıq ölkədə olmuşam və əksər ölkələrdə soydaşlarımızla görüşmüşəm. Diaspor Komitəsi gözəl mirvariləri bir araya gətirən bağ kimi səpələnmiş Azərbaycan diasporunu bir araya toplamağı bacardı, qısa müddətdə kiçik kollektivi ilə çox böyük layihələrə imza atdı”.

R.Deqati Dövlət Komitəsinin çətin günlərdə olduğu kimi, qarşıdakı işıqlı illərdə də 50 milyon azərbaycanlını bir-birinə yaxınlaşdırmağa davam edəcəyinə inandığını söyləyib: “Komitənin son 20 illik fəaliyyəti gözümün önündədir. Ümid edirəm ki, Diaspor Komitəsi bundan da sonra möhtəşəm tədbirlərlə bizləri sevindirəcək, Azərbaycan mədəniyyətini dünyada tanıdacaq və dünya bizim mədəniyyətimizdən bəhrələcək. Mən də Vətən övladı kimi öz mədəniyyətimizi bütün dünyada təbliğ etmək arzusundayam. Komitəni və Komitə əməkdaşlarını 20 illik yubiley münasibətilə təbrik edirəm”.