Almaniyada azərbaycanlı bəstəkarın Yanardağa həsr etdiyi əsər təqdim edilib
Almaniyanın Frankfurt, Ditzenbax və Visbaden şəhərlərində Azərbaycan bəstəkarı Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Bridge of Sound” kamera orkestrinin “Summertime” adlı konsertləri keçirilib.
Volksbühne Teatrı, Kapitol və Kulturfotum kimi sənət məbədlərində baş tutan konsert proqramında azərbaycanlı bəstəkarın “Yanardağ/Feyer Berq” adlı əsəri ilk dəfə təqdim olunub. Əsərdə iranlı musiqiçi, etnik azərbaycanlı Səlim Salarinin Azərbaycan tarında ifa etdiyi solo muğamdan istifadə edilib. Konsert proqramında Almaniya, Amerika və İran müəlliflərinin də əsərləri yer alıb.
Konsert öncəsi çıxış edən Xədicə Zeynalova Azərbaycanın Abşeron yarımadasında qədim zamanlardan bəri yerləşən Yanardağ təbiət abidəsi barədə ətraflı məlumat verib.
Orkestri dirijor Yoanna Dalhov idarə edib. Tamaşaçılarda böyük maraq doğuran konsertlər alqışlarla qarşılanıb.
Qeyd edək ki, Xədicə Zeynalova 2005-ci ildən Almaniyada yaşayır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Detmold Konservatoriyasının və Almaniyanın Paderborn Universitetinin məzunudur. Paderborn Universitetinin və Detmold Musiqi Akademiyasının fəlsəfə doktoru və dosentidir. Azərbaycan Bəstəkarlar İttifaqının və GEMA-nın (İctimai ifa və musiqinin mexaniki səsləndirilməsi hüquqlarının idarə edilməsi üzrə cəmiyyət) üzvüdür.