Saloniki Azərbaycan Evində nərd yarışı təşkil edilib
Yunanıstanın Saloniki şəhərində Azərbaycanın milli nərd oyunu üzrə yarış keçirilib.
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Saloniki Azərbaycan Evində baş tutan yarışda Azərbaycan, türk, yunan və gürcü icmalarının 25 nümayəndəsi iştirak edib. Gərgin yarışda qələbəni həmyerlimiz Yaqub Məmmədov qazanıb.
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov qalibə üzərində Bakının Qız Qalasının təsviri olan nərdtaxta və digər hədiyyələr təqdim edib.
Sonra yarış iştirakçıları ənənəvi Azərbaycan çay süfrəsinə qonaq edilib.
Qeyd edək ki, Saloniki Azərbaycan Evində soydaşlarımızın asudə vaxtının səmərəli keçirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif yarışlar və əyləncəli oyunlar təşkil olunur.