...

“Qanun” Hüquqi Yardım Mərkəzi Gürcüstanın Tsalka rayonunda növbəti qəbul keçirib

21.06.2022

Tbilisidə fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzi təmənnasız hüquqi xidmət layihəsi çərçivəsində Tsalka rayonunda növbəti qəbul keçirib.
Mərkəzin əməkdaşları Tsalka rayonunda azərbaycanlıların yaşadığı Ar-Sarvan, Tecisi (Culuxlu), Çoliani (Qızılhacılı) və Godaklari (Gödəkli) kəndlərinin 25-ə yaxın sakininə hüquqi yardım göstərib.
Hüquqi yardım mərkəzinin icraçı direktoru Əli Bədirov vətəndaşların hər biri ilə təkbətək görüşərək, hüquqi problemləri ilə tanış olub və onların mərkəzlə mütəmadi məsləhətləşmələr aparmasının vacibliyini bildirilib.
Əli Bədirovun sözlərinə görə, Tsalka rayonun azərbaycanlıların kompakt yaşadığı dörd kənddə digər rayonların kəndlərinə nisbətən ailə zorakılığı probleminə nisbətən az sayda təsadüf olunur. Onların əsas problemlərindən biri torpaqlarını dövlət qeydiyyatından keçirə bilməmələridir.
İkinci əsas problem isə vətəndaşların varislik hüququndan istifadə etmək üçün hansı qurumlara müraciət ediləcəyindən məlumatsız olmasıdır. Bütün bunlar isə soydaşlarımızın hüquqi bilgilərinin olmamasından qaynaqlanır. “Azərbaycan dilində bütün hüquqi məsələləri müzakirə edib, Tsalka sakinlərinə düzgün istiqamət verməyimiz onları bir çox əlavə problemlərdən sığortalayacaq”, - deyə Əli Bədirov bldirib.
Qeyd edək ki, “Qanun” Hüquqi Yardım Mərkəzi hər həftə Gürcüstanda yaşayan soydaşlarımız üçün qəbul günləri həyata keçirir. Artıq Tbilisi və Marneulidə bu cür görüşlər baş tutub. Növbəti qəbul günlərinin Bolnisi və Dmanisi rayonlarında keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, "Qanun" Hüquqi Yardım Mərkəzi 14 may 2022-ci ildən fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hüquqi problemlərlə qarşılaşan soydaşlarımız mərkəzə müraciət edərək, təmənnasız hüquqi yardım almaq imkanına malikdir. Mərkəzin ofisi Tbilisinin Kazbeqi küçəsi-44 ünvanında yerləşir.