Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan kitab Türkiyə parlamentinin sədrinə təqdim olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyədə nəşr olunan “Dinməyən acı: Xocalı” kitabı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təqdim olunub.
Kitabı Türkiyə parlamentinin spikerinə müəllifi - AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı təqdim edib və əsər barədə ətraflı məlumat verib.
Mustafa Şentop maraqlı mövzuya toxunduğu üçün müəllifə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Qeyd edək ki, “Dinməyən acı: Xocalı” siyasi-tarixi, sənədli əsəri “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına dəstək olaraq yazılıb. Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı imzaladığı məlum Sərəncamın da yerləşdirildiyi kitab səkkiz fəsildən və 688 səhifədən ibarətdir.
Əsərin nəşri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən təmin edilib. Nəşrin rəhbəri Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, Türkiyə türkcəsinə uyğunlaşdıran Mətin Yıldırımdır.
Erməni təcavüzkarlığının tarixi, inkişaf istiqamətləri, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistan dövlətinin yaradılması məqsədilə həyata keçirilən qanunsuzluqlar, saxta “böyük Ermənistan” ideologiyasının ortaya çıxması, onun nəzəri əsasları, terrorizmin ermənilər üçün milli fəaliyyət istiqamətinə çevrilməsi barədə elmi araşdırmaların yer aldığı əsərdə Xocalı soyqırımının səbəb və məqsədlərinə aydınlıq gətirilib.
Əsərdə Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən hüquqi-siyasi proses, o cümlədən azərbaycanlılara qarşı törədilən soyqırımların dünyaya çatdırılması barədə Prezidentin fərman və sərəncamları, Milli Məclisin qərarları, Xocalı soyqırımının acılarını yaşayan soydaşlarımızın ifadələri, faciə barədə 1992-ci ildə dünya mətbuatında yer alan xəbərlər tədqiqata cəlb olunub.
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının ümumdünya sülh çağırışı olduğunu əsaslandıran müəllif Xocalı soyqırımının tanınması ilə bağlı indiyədək mövcud olan sənədləri, eləcə də bütün dünyada salınan Xocalı parkları və abidələri barədə məlumatları ayrı bir fəsildə oxuculara təqdim edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə əsərdə “Zəfər bölümü” başlığı ilə işlənilib. Böyük Zəfərə və ondan sonrakı proseslərə aid bütün sənədlərin mətni əsərdə əksini tapıb.
Kitabın sonunda təcavüzkar Ermənistanın terrorçu və uşaq qatili olduğunu təsdiq edən, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə, yaşayış yerlərinə və mülki obyektləri hədəf alan raket zərbələrinin yaratdığı faciə və fəsadları, bu bəşəri cinayətləri əks etdirən, AZƏRTAC tərəfindən lentə alınmış orijinal fotolar da əksini tapıb.