Amerika Yəhudi Komitəsi yubiley münasibətilə Dövlət Komitəsini təbrik edib
Amerika Yəhudi Komitəsinin (AJC) icraçı direktoru Devid Harris yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini (DİDK) təbrik edib.
AJC icraçı direktorunun DİDK sədri Fuad Muradova ünvanlanan məktubunda bildirilib ki, rəhbərlik etdiyi təşkilat əsl beynəlxalq tərəfdaşlığa nümunə olan Azərbaycanla münasibətlərə və bu istiqamətdə uğurlu fəaliyyət göstərən Dövlət Komitəsi ilə əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verir:
“Hörmətli cənab Muradov,
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Sizi, komandanızı və dünyadakı Azərbaycan diasporunu təbrik etməkdən böyük məmnunluq duyuram.
Avrasiya regionunda heç bir ölkə Azərbaycan qədər İsraillə yaxın strateji münasibətlərə malik deyil və biz bu fakta böyük dəyər veririk. Azərbaycanla İsrail arasında dostluq və etimada əsaslanan əməkdaşlıq ənənəsi əsl beynəlxalq tərəfdaşlığın nümunəsidir. Ən çətin vaxtlarda bu ölkələr həmişə bir yerdə olub, bir-birinə dəstək göstərib. Azərbaycanda 16 mindən çox yəhudinin xalqınızla qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamasını, ölkənin mədəniyyətinə, iqtisadiyyatına və inkişafına töhfələr vermələrini biz yüksək qiymətləndiririk.
Uzun illərdir ki, Azərbaycana səfərlərimiz və Dövlət Komitəsi ilə əməkdaşlıq zamanı müxtəlif etnik icmaların ictimai-siyasi həyatda fəal iştirak etdiyini, ölkənin birliyinin möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə təqdim olunmasına köməklik göstərdiyinin şahidi olmuşuq. Azərbaycan hökumətinin prioritet istiqaməti olan bu siyasətin prinsipləri Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə uğurla həyata keçirilir.
Komitənin dünya azərbaycanlılarını birləşdirmək və əlaqələndirmək səylərini yüksək qiymətləndirir, qlobal problemlər və beynəlxalq əməkdaşlıq üzrə birgə layihələri səbirsizliklə gözləyir, nəcib missiyanızda uğurlar arzulayıram”.