...

Kanada mətbuatı “TEKNOFEST Azərbaycan” festivalından yazıb

17.06.2022

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Bakıda Türkiyənin məşhur “Teknofest” festivalı keçirilib” sərlövhəli məqalə dərc olunub.

Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu və Bakının ev sahibliyi etdyi tədbirdən bəhs edən məqalədə Azərbaycanın Müstəqillik Günü şərəfinə ilk dəfə Türkiyədən kənarda keçirilən və miqyasına görə dünyada ən böyük tədbirlərdən sayılan “Teknofest”ə 50 minə yaxın insanın qatıldığı bildirilib.
Teknofest İdarə Heyətinin sədri Səlcuq Bayraqdarın da iştirak etdiyi tədbirdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin peşəkar pilotları öz təyyarələrinin uçuş qabiliyyətini nümayiş etdiriblər.

Müəllif qeyd edib ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri, eləcə də Bakıda keçirilən “Teknofest” festivalının əhəmiyyəti müzakirə olunub. Hər iki dövlət başçısı adıçəkilən tədbiri iki ölkə arasındakı sarsılmaz münasibətlərin bariz nümunəsi kimi dəyərləndirib, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.

İsrailin ölkəmizdəki səfiri Corc Dikin “Smart City” layihəsi çərçivəsində Zəngilana səfərinə də toxunulan məqalədə bir çox İsrail şirkətlərinin Qarabağda layihələr üçün müraciət etdiyi və bəzi İsrail rəsmilərinin Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlığın İsrail-Türkiyə barışığına səbəb ola biləcəyinə ümid bəslədiyi qeyd olunub. Məqalədə İsrailin hazırkı prezidenti İsaak Hersoqun ölkəsinin Azərbaycan ilə münasibətlərə əhəmiyyət verdiyi barədə fikirləri də yer alıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thej.ca/2022/06/08/turkeys-prominent-teknofest-festival-hosted-in-baku/