...

Dövlət Komitəsinin sədri “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirib

16.06.2022

Diasporla İş üzrə Dövlət Komitəsində ölkəmizdə səfərdə olan “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mina təhlükəsizliyi məsələsinin çox aktual problemlərdən biri olduğunu vurğulayıb, işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minalar probleminin həlli istiqamətində dövlətimizin həyata keçirdiyi fəaliyyət istiqamətlərindən danışıb.

“Mine Mark” Fondu təmsilçilərinin 2019-cu ildə ilk dəfə Azərbaycanda olduğunu xatırladan Komitə sədri bu qeyri-hökumət təşkilatının azərbaycanlı məktəblilər arasında mina təhlükəsizliyinə dair maarifləndirici iş aparmasını müsbət qiymətləndirib.

Qonaqlar Ağdam rayonunun Dördyol qəsəbəsində yerləşən 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəb-liseydə, Qaradağ rayonunun Qobu parkdakı məcburi köçkün şəhərciyində mina təhlükəsizliyi ilə bağlı şagirdlərə və müəllimlərə maarifləndirici-interaktiv təlim keçirilməsi, Ağdam şəhərindəki dağıntılara və minalı ərazilərə baxış barədə təəssüratlarını bölüşüblər.

Fondun fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.

Qeyd edək ki, “Mine Mark” Fondunun nümayəndə heyətinin ölkəmizə səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə baş tutub. Nümayəndə heyətində fondun təsisçiləri Lalə Van der Kolk (Mustafazadə) və Nils Hegel (Almaniya) maliyyə şöbəsinin əməkdaşı Aleksandar Zdravski (Şimali Makedoniya), layihə üzrə icraçı Uolş Conatan Rober (Böyük Britaniya), xarici əlaqələr üzrə əməkdaşı İlaria Vallini (İttaliya) təmsil olunublar.

Xatırladaq ki, “Mine Mark” Fondu 2018-ci ildə Niderland Krallığında qeydiyyata alınıb. Mina təhlükəsizliyi ilə bağlı uşaqları maarifləndirmək məqsədilə yaradılan qeyri-hökumət təşkilatı BMT-nin Minatəmizləmə Xidmətinin təlimatları əsasında tədris vəsaitləri (kitablar, videotəlimatlar, mobil telefon tətbiri, maarifləndirici cizgi filmləri və oyunlar) hazırlayır.