...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri xarici ekspertlərlə görüşüb

16.06.2022

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda Bakıda keçirilən dəyirmi masa-dinləmələrdə iştirak edən xarici ekspertlərlə görüşü keçirilib.

DİDK sədri ADA Universiteti ilə birgə təşkil edilən beynəlxalq tədbirdə iştirak etdiklərinə, indiyədək Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında töhfələrinə görə qonaqlara minnətdarlığını bildirib.

Komitə sədri Azərbaycan dövlətinin apardığı diaspor siyasəti, Dünya Azərbaycanlılarının V Qurultayında müəyyənləşdirilən yeni strategiya, diaspor təşkilatlarının beynəlxalq təşkilatlarla və digər icmalarla əlaqələrinin genişləndirilməsi, Azərbaycan həqiqətlərinin ictimai rəyə təsirinə nail olmaq məqsədilə DİDK-nın həyata keçirdiyi və nəzərdə tutduğu layihələr barədə ətraflı məlumat verilib.

Beynəxalq tədbirə dəvət olunduqları üçün təşəkkürlərini bildirən qonaqlar dəyirmi masa və Ağdama səfər barədə təəssüratlarını bölüşüblər. Xarici ekspertlər son illər diaspor və digər xalqların nümayəndələri ilə əlaqələrin möhkəmlənməsi sahəsində çoxlu maraqlı tədbirlər və uğurlu layihələr həyata keçirdiyini məmnunluqla vurğulayıb, belə fəaliyyətin genişlənəcəyi təqdirdə diaspor quruculuğu sahəsində daha böyük nəticələrə nail olmağın mümkünlüyünü nəzərə çatdırıblar.

Görüş fikir mübadiləsinin aparılması, rəy və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.