...

Dmanisidə “Cəmiyyətin və Təhsilin İnkişafı" təşkilatı tədbir keçirib

14.06.2022

Gürcüstanın Dmanisi rayonunda “Cəmiyyətin və Təhsilin İnkişafı" təşkilatı Dmanisi meriyası ilə birgə tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdıran DİDK-nın şöbə müdiri Vüsal Məmmədov qurumun dəstəyi ilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında dərin məzmunlu çıxışındakı tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərindən, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil sahəsindəki uğurlarından və dmanisili yeniyetmələrin ölkənin ictimai proseslərinə inteqrasiyası məqsədilə həyata keçirilən layihələrin önəmindən danışıblar. Azərbaycanlı gənclərin gürcü dilində, gürcü gənclərin isə Azərbaycan dilində çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Sonra layihəyə qatılmış 50-dək yeniyetmə və gəncə sertifikatlar təqdim edilib.

Tədbirin sonunda layihə rəhbəri Kamran Xıdırov tərəfindən komitəyə və səfirliyə xatirə hədiyyələri təqdim edilib.

DİDK adından isə Dmanisi meriyasına və Dmanisi Resurs Mərkəzinə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin gürcü dilinə tərcümə olunmuş kitabları hədiyyə olunub.

Qeyd edək ki, tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov, Dmanisi merinin müavinləri və Dmanisi Resurs Mərkəzinin rəhbəri iştirak ediblər.