Çində ilk azərbaycanşünaslar ali təhsillərini başa vurublar
Çinin nüfuzlu ali təhsil ocaqlarından biri olan Pekin Xarici Dillər Universiteti (PXDU) Azərbaycan dili ixtisası üzrə ilk məzunlarını buraxıb.
PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, bakalavr mərhələsini başa vuran 4-cü kurs tələbələri Azərbaycan dili, tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri və digər mövzularda diplom işlərini uğurla müdafiə ediblər. “Azərbaycan dilinin xaricdə tədrisi və yerli azərbaycanşünas kadrların yetişdirilməsi olduqca vacib amildir. Bu, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, tarix və mədəniyyətimizin dünyada təşviqində mühüm rol oynaya bilər”, - deyə soydaşımız əlavə edib.
Məzunlardan Vanq Syüən və Li Yüşan deyiblər ki, tədrisə başladıqları ilk gündən Azərbaycan dilini, mədəniyyətini seviblər və bacardıqları qədər ölkəmizi daha dərindən kəşf etməyə çalışıblar. Magistraturada təhsillərini davam etdirəcəklərini vurğulayan məzunlar ilk azərbaycanşünas kadrlar kimi ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün çalışmağa və töhfələr verməyə hazır olduqlarını söyləyiblər.
4 il ərzində tələbələr həm də Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi ili”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami ili”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb.
Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən etibarən PXDU-da Azərbaycan dili ixtisası üzrə qəbul həyata keçirilib. Ölkənin Xarici İşlər Nazirliyi və digər dövlət qurumları üçün kadrlar hazırlayan bu universitetdə 100-dən çox xarici dil tədris edilir.