...

Özbəkistanın Nurövşən şəhərində “Dostluq Evi” açılıb

13.06.2022

Özbəkistanın Daşkənd vilayətindəki Nurövşən şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun “Dostluq Evi”nin açılış mərasimi keçirilib.

Daşkənd vilayəti Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin  və Azərbaycanın bu ölkədəki səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər. 

Tədbirdə çıxış edənlər əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik ediblər və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, mərkəzin ofisinin yerləşdiyi “Dostluq Evi”ndə Azərbaycan dili, rəsm, şahmat üzrə dərnəklər də fəaliyyət göstərəcək. Burada təşkil edilmiş Azərbaycan guşəsində xalqımızın zəngin  mədəniyyətini və adət-ənənələrini əks etdirən kitablar, tablolar, fotoşəkillər, milli geyimlər və suvenirlər nümayiş olunur.